aztv-banner

Vətən müharibəsinin xronikası: 14 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tvitter səhifəsində paylaşım edib.
• Prezident İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib.
• Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ümumilikdə 3 ədəd “Elbrus” raket qurğusunu raketlərlə birlikdə məhv edib.
• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrimiz tərəfindən məhv edilən əməliyyat-taktiki raket komplekslərinin mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini paylaşıb.
• Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.
• Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

44 GÜN QARABAĞA DOĞRU

ZƏFƏRİN HƏR ANI

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

44 günün qısa xronikası

CANLI YAYIM