Vətən müharibəsinin xronikası: 17 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.
• Ermənistan silahlı qüvvələri gecə saat 01 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutub.
Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.
• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini atıb və geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi qulluqçu döyüş mövqelərini özbaşına tərk edib.
• Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası bölmələrimiz tərəfindən məhv edilib.
• Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsinin videogörüntülərini paylaşıb.
• Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi və taktiki PUA-sı bölmələrimizin dəqiq atəşi ilə vurulub.
• Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.
• Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd “Tor-M2KM” və bir “S-125” zenit-raket kompleksi, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi Azərbaycan Ordusunun bölmələrinin dəqiq zərbələri ilə sıradan çıxarılıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
ZƏFƏRİN HƏR ANI
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
44 günün qısa xronikası