aztv-banner

Vətən müharibəsinin xronikası: 28 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. İlkin məlumata görə ölənlər və xəsarət alanlar var.
• Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində etdiyi paylaşımda bildirib.
• Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib.Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.
• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.
• Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.
• Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd “Osa” zenit raket kompleksi, üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, altı ədəd D-30, beş ədəd D-20 və bir ədəd D-44 topu, iki ədəd 2A36 “Qiasint-B” topu, bir ədəd 120 mm minaatan, bir ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsünü paylaşıb.
• Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib.
• Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
• Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 21-ə çatıb.Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
• Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu top komandiri Həsənov Novruz Muxtar oğlu dəqiq atəşlə düşmənin üç ədəd KS-19 topunu məhv edib.

44 GÜN QARABAĞA DOĞRU

ZƏFƏRİN HƏR ANI

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

44 günün qısa xronikası

CANLI YAYIM