Rövşən Raqif oglu Məmmədov 15 iyun 1979-cu ildə Azərbaycan Respublikasının Ağstafa rayonunda anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bakalavr, 2002-ci ildə isə BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura pilləsini bitirib.
2006-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası"nda fəlsəfə doktoru dərəcəsi alıb.
2016-cı ildə isə Bakı Slavyan Universitetinin "Filologiya və jurnalistika kafedrası"nda "Müstəqillik dövründə Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri (Almaniya, Fransa, Türkiyə, İngiltərə)" mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi alıb. 3 kitab müəllifi olan R.R.Məmmədovun 40-dan çox elmi məqaləsi Azərbaycanda və xaricdə müxtəlif dillərdə nəşr edilib.
R.R.Məmmədov müxtəlif vaxtlarda Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hal-hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir.
Jurnalistika fəaliyyətini davam etdirən Rövşən Məmmədov uzun müddət "Lider" Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub.
R.R.Məmmədov 2015-ci ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) "Günün nəbzi", "Əsas məsələ" və "Həftə" verilişlərinin aparıcısı olub. Daha sonra isə "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın direktoru vəzifəsinə təyin olunub. 15 yanvar 2019-cu ildən sədr müavini təyin olunub və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
R.R.Məmmədov Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə, 2 fevral 2024-cü il tarixli Sərəncamla isə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
Rus və ingilis dillərini bilir.
Ailəlidir, iki övladı var.