Kinoteatrlar onlayn platformalara uduzur?

Kinoteatrlar onlayn platformalara uduzur?

21 Dekabr, 10:07 Sosial mediada paylaşın:

Qlobal pandemiya ilə əlaqədar tətbiq olunan kütləvi qapanmalar kinosevərlərin də böyük kabusuna çevrildi. Kinonu hamı evdən izləmək məcburiyyətində qaldı. Bunun müqabilində onlayn platforma bazarında görülməmiş canlanma başladı, abunəçi sayları fantastik rəqəmlərə çatdı.

Təbii ki, yeni dünya düzəni film sektorundan yan keçə bilməzdi. “Lokdaun” dönəmində kinostudiyaların yeni reallıqla bağlı düşünməyə xeyli vaxtı oldu. Müəyyən qərarlar verildi – kimi qazandı, kimi itirdi...

Hamıya məlumdur ki, 2020-ci ilə premyerası nəzərdə tutulan bütün kassalı filmlərin təxirə salınması kinoteatrlara milyonlarla dollar ziyan vurdu. İstisna sayılacaq qədər risk edənlər oldu. Ən böyük cəsarəti Kristofer Nolan (Warner Bros.) göstərdi. O, 205 milyon dollarlıq “Tenet” filmini yayın sonunda yarım - yarımçıq açılmış kinoteatrlara buraxmaq qərarına gəldi. Nəticədə 363 milyon dollar topladı, bəs bu rəqəm uğurlu sayıla bilərmi? Təbii ki, yox. Amma bu addımı atmaqla rejissor insanları qorxmamağa və karantin şərtləri çərçivəsində kinoteatrlara qaytarmağa çalışdı.

Həmin “Warner Bros.” studiyası ilin sonunda “Möcüzə qadın” blokbasterini eyni anda həm kinoteatrlarda, həm də “HBO Max” onlayn platformasında nümayişə çıxardı. 200 milyon dollarlıq film kassadan cəmi 166 milyon dollar yığa bildi, lakin bu film sayəsində “HBO Max” 17,2 milyon yeni abunəçi qazandı. Orta hesabla 15 dollarlıq aylıq abunə haqqı 258 milyon dolar əlavə gəlir demək idi.

2021-ci ilin 2-ci rübündən etibarən kinonu kinoteatrda izləməyi sevənlərin üzü gülməyə başladı. Apreldə “Mortal Kombat”, iyunda 9-cu “Forsaj”, iyulda “Qara dul”, avqustda 2-ci “Qatillər dəstəsi”, sentyabrda “Şan Çi və 10 halqa əfsanəsi”, “Venom”, oktyabrda “Ölmək vaxtı deyil”, “Əbədilər”, noyabrda “Kabus ovçuları”, ”Şər yuvası” və nahayət dekabrda “Matriks”, “Hörümçək adam – Evə yol yoxdur”, “Kingsmen” kimi kassa filmləri bəyaz pərdəyə çıxdı.

Yola salacağımız ildə “ən böyük kassa” ünvanını Bondiana seriyasından 25-ci film – “Ölmək vaxtı deyil” qazanmışdı. Nə az, nə çox - 771 milyon dollar. Lakin “Hörümçək adam”ın sonuncu macərası rekord üstünə rekord vurdu. Film təkcə ilk həftəsonu nəticələrinə görə, ümumilikdə pandemiya dönəminin ən çox gəlir gətirən filmi oldu – 587 milyon dollar.

İflasla nəticələnən filmlər arasında birinci yeri isə, yəqin ki, Ridli Skotun quruluş verdiyi, Met Deymon və Ben Aflek kimi ulduzların iştirakı ilə çəkilən, real hadisələrə əsaslanan “Sonuncu duel” tutdu. 100 milyon dollardan artıq xərc, cəmi 30 milyon qazanc. 55 milyon dollarlıq “Kral Riçard” da 24 milyon dollar qazancla kifayətlənməli oldu.

Kino sənayesinin pandemiyadan çıxaracağı əsas dərs nə oldu?

1.     Bundan sonra kino yalnız kinoteatr üçün yox, eyni dərəcədə onlayn platforma üçün də nəzərdə tutulacaq.

2.     Filmlərin kinoteatrlarda baxış müddəti 17 günə düşəcək. Yeni razılaşmalara görə, film bu müddət ərzində 50 milyon dollarlıq hasilat əldə edərsə, bu vaxt 1 aya qədər uzadıla bilər.

3.     Real hadisələrə əsaslanan tarixi, biqorafik, melodram janrında filmlər, demək olar, kinoteatr üzü görməyəcək.

4.     Bəyaz pərdədə daha çox komiks qəhrəmanları, populyar oyunların personajları, bestsellerləri, mistik və ya fantastik blokbasterləri izləyə biləcəyik.

Kinoşünasların fikrincə, təkcə çəkilişi, 100 milyon dollara başa gələn bir film normal gəlir əldə etmək üçün, dünya kassasında ən azı 400 milyon dollar toplamalıdır. Çünki büdcə xərcinə filmin marketinqi, rejissora və baş rollara nəzərdə tutulan əlavə qonorarlar daxil deyil.

Görünür, istehsalçıları çətin bir dönəm gözləyir. Yeni kino iliniz mübarək!

Turan Babayev

Səhər musiqi informasiya proqramları Baş Redaksiyasının rəhbəri

CANLI YAYIM