Şüarlar və tələblər dəyişməyib

Şüarlar və tələblər dəyişməyib

27 Aprel, 09:28 Sosial mediada paylaşın:

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 137 gündür davam edir.

Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdirib, səhər saatlarında hər zaman olduğu kimi, Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiya iştirakçıları bu dəqiqələrdə fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Tələblər və şüarlar dəyişməz olaraq qalır. Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirən aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Həmişəki kimi, ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır. Yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

CANLI YAYIM