Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun inşası sürətlə davam etdirilir

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun inşası sürətlə davam etdirilir

27 Aprel, 16:51 Sosial mediada paylaşın:

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad olunmuş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56,4 kilometr təşkil edir. Həmin yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70,4 kilometrdir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 kilometrlik hissəsi birinci, 46.2-56.4 kilometrlik hissəsi isə ikinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21,5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16,5 metr təşkil edəcək.

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20,4-56,4 kilometrlik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20,4 kilometrlik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Yolun Xanlıq istiqamətində olan 14 kilometrlik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Həmin yolun ilk 11 kilometrlik hissəsi birinci, 11-14 kilometrlik hissəsi isə ikinci texniki dərəcəyə uyğun tikilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10, 22, 32 və 43-cü kilometrində, yanaşma yolun 35-ci kilometrində, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun birinci kilometrində layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42,5 faiz işlərin icrası yekunlaşıb. Bundan başqa, Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir.

Artıq layihə üzrə 80 dairəvi, 31 düzbucaqlı boru və 13 yeraltı keçid tikilib, 3105 metr istinad divarı da inşa olunub.

Layihə üzrə ümumi uzunluğu 2397 metrlik 8 ədəd tunel inşası da nəzərdə tutulur. Hazırda T-1 və T-2 tunellərində qazma və qrunt bərkitmə işləri davam edir.

“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilən layihə üzrə 501,8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6,1 milyon kubmetr həcmində qazma işləri aparılıb, 3 milyon kubmetr həcmində isə dolğu işləri icra olunub.

Yeni avtomobil yolunun inşası tərtib edilmiş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, həmin rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

CANLI YAYIM