QSC-nin 67 illik tarixə malik “Qızıl fond”u açılır - FOTOLAR

QSC-nin 67 illik tarixə malik “Qızıl fond”u açılır - FOTOLAR

4 May, 16:10 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının arxivi rəqəmsallaşdırırlır.

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, AzTV-TRT-TİKA arasında arxiv materiallarından səmərəli istifadə ilə bağlı əməkdaşlıq memorandumu imzalandıb.

1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin 67 il ərzində toplanmış min saatlarla arxiv materialları, bura xəbərlər üçün süjetlərdən tutmuş sənədli və bədii filmlər, tamaşalar, hətta cizgi filmləri daxildir, yenidən işıq üzü görəcək. Təəssüf ki, “Qızıl fond” adlandırılan və xalqımızın tarixini, XX əsrin 60-70-80-ci illərində ölkəmizdə baş verən ictimai-siyasi prosesləri, sosial-mədəni hadisələri əks etdirən həmin materiallar bugünədək araşdırılmayıb, köçürülməyib və istifadə edilməyib. Səbəb zəruri texniki avadanlıqların olmaması idi. Lakin hazırda həmin avadanlıq TİKA və TRT-nin köməkliyi ilə əldə edilib və təmənnasız AzTV-yə hədiyyə olunub.

Bu gün köçürmə avadanlığının təqdimatı və QSC-nin nəzdində yaradılan köçürmə otağının açılışı baş tutub. Tədbirdə AzTV sədri Rövşən Məmmədov, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Nurəddin Ərdoğan, TİKA Bakı proqram koordinatoru Fatih Yılmaz, TRT Bakı təmsilçisi Murat Akkoç, “Anadolu” agentliyinin Asiya və Qafqaz təmsilçisi Tolga Özgenç, Türk Dünyası Universitetinin dekanı Mehmet Yüce və Prezident Administrasiyasının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə AzTV-nin şəhid jurnalistlərinin xatirəsini yad ediblər. Daha sonra AzTV-TRT-TİKA arasında arxiv materiallarından səmərəli istifadə ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Ardınca isə köçürmə otağına baxış keçirilib. Aparılan müzakirələr əsasında xüsusi olaraq vurğulandı ki, AzTV-TRT-TİKA əməkdaşlığı bundan sonra da inkişaf etdirilərək yeni sahələri, xüsusən mütəxəssislərin mübadiləsi, gələcəkdə də zəruri texniki avadanlıqların əldə edilməsi, AzTV əməkdaşlarının TRT nəzdində ixtisasartırma kurslarına intensiv cəlb olunması və s. kimi mühüm istiqamətlər daxildir. Onu da əlavə edək ki, QSC-nin arxiv materialları yalnız köçürülməyəcək, “Qızıl fond” bundan sonra vaxtı ötmüş və istifadəyə yararsız lentlərdə deyil elektron arxiv sistemində mühafizə olunacaq.

Xatırladaq ki, Elektron Arxiv Sistemi Prezident İlham Əliyevin tapşırığı və dövlət başçısının müvafiq sərəncamı əsasında QSC-yə 1 milyon manat vəsaitin ayrılması ilə yaradılır. Proses may ayının sonunda başa çatacaq. Daha sonra 67 il ərzində formalaşmış “Qızıl fond” hissə-hissə, tarixi mərhələlər üzrə elektronlaşdırılacaq ki, bu da fondun keyfiyyətli və ən əsası təhlükəsiz müdafiəsi, qorunması deməkdir.

CANLI YAYIM