Sahibə Qafarova: "Azərbaycan Ermənistanla sülhə hazırdır"

Sahibə Qafarova: "Azərbaycan Ermənistanla sülhə hazırdır"

2 Dekabr, 11:38 Sosial mediada paylaşın:

"Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyib. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır".

Bunu Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşdə deyib.

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən S.Qafarova, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmasının fəsadları, bu işğal nəticəsində bir milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsi, işğal olunmuş ərazilərdə bütün infrastrukturun və tikililərin, o cümlədən tarixi, mədəni və dini abidələrin dağıdılması haqqında danışıb.

Azərbaycanın təkbaşına öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini və öz imkanları hesabına genişmiqyaslı yenidənqurma işlərinə başladığını bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalanmasını təklif edərək, regionumuzda uzunmüddətli sülhün təmin olunması üçün böyük səylər göstərmişdir.

O, həmçinin Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri barədə də qarşı tərəfi məlumatlandırıb. Spikerin sözlərinə görə, bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun olub, mülki şəxslər arasında itki olmayıb. Sahibə Qafarova, həmçinin Ermənistanın mina təhdidlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərinə törətdiyi maneələri də vurğulayıb. O, bir daha bəzi dairələr Azərbaycanı etnik təmizləmədə ittiham etsələr də, bu ittihamları təsdiq edəcək bir dənə də faktın olmadığını, regiona səfər edən BMT missiyalarının da bunu təsdiqlədiyini bildirib.

Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Çexiyanın sülh danışıqlarını dəstəklədiyini və regionda daimi sülhün bərqərar olmasının önəmini ifadə edib.

CANLI YAYIM