Rafiq Məhəmməd oğlu Həşimov 11 avqust 1966-cı ildə Ucar rayonunun Əlikənd kəndində anadan olub.

1973-1981-ci illərdə Abşeron rayonunun Güzdək qəsəbəsində 8-illik məktəbi bitirib. 1981-1985-ci illərdə Bakı Rabitə Elektrotexnikumunda təhsil alıb. Sovet Ordusunda hərbi xidmətini başa vurduqdan sonra 1987-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində texnik kimi əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə "Televiziya diktoru" müsabiqəsində qalib gələrək fəaliyyətini diktor, aparıcı kimi davam etdirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

"Xəbərlər" informasiya proqramının, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olub. "Space", "Lider", "Xəzər" telekanallarında, Xəzər Universitetində və Teleradio Akademiyasında nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərib.

Ssenariləri əsasında "Valın üçüncü üzü" (1996), "Qum dənəsi" (1997), "Səyyahın gündəliyi" (2007), "Azad Mirzəcanzadə" (1999), "Günəş və bulud" (2000), "Gözümün işığı" (2002), "Qamış şəhərin yuxuları" (2006) filmləri çəkilib.

Rejissoru və ssenari müəllifi olduğu "Heydər Əliyev. İki əsrin fenomeni" (2003), "Я тобой называю звезды" (2004), "Diktor” (2006), "Yarımçıq gündəlik" (2011), "Səttarın Azərbaycanı" (2013), "Odlar torpağının suyu" (2015), “Cərrah” və digər bədii-sənədli filmləri tamaşaçıların ixtiyarına verilib.

Hekayə və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərinin, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş və Xorxe Luis Borxesin əsərlərindən Azərbaycan dilinə tərcümələri ölkənin qəzet və jurnallarında çap olunub.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.

Ümummilli Lider Heydər Əliyevin 4 noyabr 1998-ci il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 fevral 2020-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini təyin edilib.

Hazırda  "XXI əsr", "Kitab klubu", "Hekayətlər", “Azərbaycan qəzeti - 1918-1920” və  "Qərbi Azərbaycan kəndləri” layihələrinin müəllifi və aparıcısıdır.

XXI əsr müəllif proqramlarında Türk dünyasının məşhur elm və sənət adamları Həyati İnanç, İlbər Ortaylı və Bahadır Yenişehirlioğlu ilə müsahibələri AzTV-nin efirində yayımlanıb.

Ailəlidir, iki övladı var.