Vətən müharibəsinin xronikası: 4 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Azərbaycan Ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun bir neçə kəndini işğaldan azad edib. Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində bu barədə paylaşım edib.
• Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciət edib.
• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
• Müdafiə Nazirliyinin məlumatı: Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində 4 avtomobil texnikası məhv edilib. Alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Düşmən çoxlu sayda itki verib.
• Ermənistan silahlı qüvvələri Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub. Nəticədə bir nəfər həlak olub, 32 nəfər xəsarət alıb. İnfrastruktura və tarixi tikililərə ciddi ziyan dəyib.
• Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Beyləqan şəhərində iki dinc sakin həlak olub, iki nəfər isə xəsarət alıb. Bununla da həlak olan mülki şəxslərin sayı 22-yə, xəsarət alanların sayı 73-ə çatıb.
• Düşmən Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atıb.
• Azərbaycanın Baş prokuroru Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq qurumların rəhbərlərinə müraciət ünvanlayıb.
ZƏFƏRİN HƏR ANI
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
44 günün qısa xronikası