aztv-banner

Vətən müharibəsinin xronikası: 10 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib.
• Müdafiə Nazirliyi: Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsi, Aragül və Banazur istiqamətlərindən Cəbrayıl istiqamətində hücuma cəhd göstərib. Bölmələrimizin qabaqlayıcı tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılıb.
• Azərbaycan Ordusu Qubadlıda düşmənin “S-300” idarəetmə sistemini məhv edib.
• Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan Ordusunun bölmələri düşmənin bütün hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb.
• Atəşkəs rejimini pozan düşmənin zirehli və digər hərbi texnikası, tank və artilleriya bölmələri, atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri Azərbaycan Ordusu bölmələrinin dəqiq atəşi ilə məhv edilib.
• Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
• Düşmənin havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 10 oktyabr saat 12:00-a olan məlumata görə, mülki şəxslərdən 31 nəfər həlak olub, 171 nəfər isə xəsarət alıb, 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

44 GÜN QARABAĞA DOĞRU

ZƏFƏRİN HƏR ANI

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

44 günün qısa xronikası

CANLI YAYIM