Vətən müharibəsinin xronikası: 31 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd piyada döyüş maşını, iki ədəd “Smerç” və iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, bir ədəd “Osa” zenit raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, iki ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib.
• Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirilib.
• Ermənistan ordusunun döyüş texnikası və xeyli sayda canlı qüvvəsi, kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.
• Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 31-i saat 13:00-dək 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
ZƏFƏRİN HƏR ANI
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
44 günün qısa xronikası