Vətən müharibəsinin xronikası: 18 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Prezident İlham Əliyev bunu özünün rəsmi tviter səhifəsində bildirib.
• Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli şəhərinin və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.
• İşğaldan azad olunan Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb.
• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS qurğusu, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, beşdən çox tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib. Füzuli ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdləri Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
• Saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə yerləşdirdiyi xüsusi təyinatlıların Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmasını əks etdirən videogörüntüləri paylaşıb.
• Fövqəladə Hallar Nazirliyi Gəncədə düşmənin raket zərbələri nəticəsində dağılan binada axtarış-xilasetmə işlərinin yekunları barədə məlumat yayıb. Məlumata görə, dağıntılar altından xəsarət almış 53 nəfər və 13 cəsəd çıxarılıb.
• Azərbaycanın Müdafiə Nazirliyi Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnika və silah-sursatın foto və videogörüntülərini paylaşıb.
• Saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.
• Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna atılan raket Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib.
ZƏFƏRİN HƏR ANI
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
44 günün qısa xronikası