Vətən müharibəsinin xronikası: 21 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.
• Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı məlumatı özünün rəsmi tviter səhifəsində bildirib.
• Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.
• Düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri canlı qüvvə və döyüş texnikası itirərək geri çəkilməyə məcbur edilib. Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən qənimət götürülüb.
• Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri Füzuli və Tərtər istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus üç taktiki pilotsuz uçuş aparatını, Horadiz istiqamətində isə bir pilotsuz uçuş aparatını vurublar.
• Azərbaycanın Müdafiə Nazirliyi artilleriya bölmələrimizin gecə və gündüz atışlarının videogörüntülərini paylaşıb.
• Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikaların görüntülərini yayıb.
• Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb, 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
ZƏFƏRİN HƏR ANI
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
44 günün qısa xronikası