aztv-banner

Vətən müharibəsinin xronikası: 8 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin 10-dək tankı, 6 ədəd “D-20” topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.
• Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların videogörüntüsünü paylaşıb.
• “Azərkosmos” ASC işğaldan azad olunmuş Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 8 oktyabr saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.
• Düşmən ordusu cəbhənin Füzuli istiqamətində dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan istifadə edib.
• Ermənistan silahlı qüvvələri Bərdə şəhərini növbəti dəfə artilleriya atəşinə tutub.

44 GÜN QARABAĞA DOĞRU

ZƏFƏRİN HƏR ANI

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan bəyənata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

44 günün qısa xronikası

CANLI YAYIM